“Neftçi İdman Klubu”nun qrossmeysteri Teymur Rəcəbov İsveçrənin Cenevrə
şəhərində keçirilən FİDE Qran-prisinin üçüncü mərhələsinin qalibi olub. Şahmatçımız
sonuncu – doqquzuncu turda ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşşiy ilə
qarşı-qarşıya gəlib və görüş heç-heçə başa çatıb – 0,5:0,5. Turniri 6 xalla
başa vuran Teymur Rəcəbov liderliyə yüksəlib. Yan Nepomnyaşşiy isə 5,5
xalla ikinci olub.Qeyd edək ki, Qran-pri turniri dörd mərhələdə
keçirilir. Mərhələ turnirləri üçün Birləşmiş Ərəb Əmirliklərinin Şarcə,
Rusiyanın Moskva, İsveçrənin Cenevrə, İspaniyanın Palma-de-Malyorka şəhərləri
seçilib. Birinci və ikinci yeri tutan qrossmeysterlər 2018-ci ildə iddiaçıların
turnirində mübarizə aparacaqlar.