“Neftçi İdman Klubu” 80
illik böyük bir tarixə malikdir. Bu qurum ötən əsrin 37-ci ilində “Neftçi”
Könüllü İdman Cəmiyyəti kimi yaranmış, sonralar “Neftçi” İdman-Sağlamlıq Mərkəzi
olaraq öz işini davam etdirmiş, hal-hazırda isə “Neftçi İdman Klubu” adı altında
fəaliyyət göstərməkdədir. Bir əsrə yaxın tarixi olan idman ocağı daim ölkəmizdə
bədən tərbiyəsi, idmanın təbliği və inkişafında əhəmiyyətli rol oynamışdır.1996-cı ildə “Neftçi İdman
Klubu”nun 60 illik yubileyi ərəfəsində Suraxanı qəsəbəsindəki Olimpiya Təlim-İdman
Kompleksinə təşrif buyurmuş, ölkədə idmanın inkişafına xüsusi önəm verən
ümummilli lider Heydər Əliyev orada klubun məşqçi-müəllimləri, idmançıları ilə
görüşmüş və onlara hər cür qayğı göstərmişdir.Hal-hazırda isə onun
layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu
missiyanı şərəflə davam etdirir. Elə bunun nəticəsidir ki, artıq ölkəmiz Avropa
və dünya dövlətləri arasında idman ölkəsi kimi tanınmışdır.”Neftçi İdman Klubu” da
öncül idman ocağı olaraq tarixən dövlətimizin bu sahədə apardığı siyasəti dəstəkləmiş
və ölkə idmanının inkişafında mühüm rol oynamışdır. Müstəqillik dönəmində istər
Rafiq Bünyadovun, istər millət vəkili Rauf Əliyevin və istərsə də klubun
hazırkı rəhbəri Sadıq Sadıqovun rəhbərliyi altında burada daim idmançılara
xüsusi qayğı göstərilmiş və bu gün də bu ənənə davam etməkdədir. Elə bunun nəticəsidir
ki, klubumuzun idmançıları Atlanta, Sidney, Afina, Pekin, London və Rio de
Janeyro olimpiadalarında uğurla mübarizə aparmış və ölkəmizə medallarla dönmüşlər.Güləş idman növünə gəldikdə
isə tam əminliklə söyləyə bilərik ki, klubda bu idman növü daha çox populyar
olub və həmişə klub rəhbərliyi tərəfindən qayğıyla əhatə olunub. Ölkəmiz də
bunun bəhrəsini görüb. Belə ki, Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov,
Rövşən Bayramov, Vitali Rəhimov və digər bu kimi dünyaca məşhur güləşçilər məhz
“Neftçi İdman Klubu”nun yetirmələridir. Eləcə də, Hicran Şərifov, Əsgərxan
Novruzov, Rövşən Umudov, Azər Əliyev, Elçin Cəfərov, Əfsər Namazəliyev, İlqar Abdulov
kimi simalar klubumuzun məşqçi-müəllimlərindəndirlər.Bu idman ocağının daim belə
qayğı görmüş, uzun illər ərzində böyük zəhmət sayəsində yetişdirilmiş və müxtəlif
titullar qazanaraq məşhurlaşmış güləşçilərindən biri də dünya və Avropa
çempionu Rəsul Çunayevdir.Böyük təəssüf hissi ilə
qeyd etmək istəyirik ki, idmançı bugünlərdə mətbuata açıqlama verərək bildirib
ki, “Neftçi İdman Klubu”ndan ayrılıb. Səbəb kimi də onu göstərir ki, guya “Rio-2016”da
bürünc medal qazandığına görə ona klub tərəfindən mükafat vəd olunub və bu günə qədər
bu vədə əməl olunmayıb. Guya aldadıldığını görən Rəsul Çunayev klubdan ayrılmağa
qərar verib.Əvvəla, onu qeyd edək ki, Rəsul
Çunayev on ildir (2007-ci ildən) ki, klubumuzda fəaliyyət göstərir. Bu illər ərzində
o, öz dövrünə görə daim yüksək əmək haqqı ilə təmin olunub. Bundan əlavə, müxtəlif
illərdə ayrı-ayrı uğurlarına görə klub tərəfindən mükafatlar alıb. Klub rəhbərliyi
onun şəxsi problemləri ilə daim maraqlanıb, ona ailə və məişət problemləri
baxımından köməkliklər olunub. Biz sadəcə, etik normalara riayət edərək bu rəqəmləri
mətbuata açıqlamaq istəmirik. Ancaq buna baxmayaraq, ona verilmiş əmək haqqı və
mükafatlar klubun mühasibatlığındakı müvafiq sənədlərdə dəqiqliyi ilə öz əksini
tapmışdır. Lazım gəlsə, biz bütün bunları açıqlayacağıq. O ki qaldı “Rio-2016”dakı
mükafat məsələsinə bu tamamilə yanlışdır. Orada qazanılan uğurlara görə bütün
idmançılar ölkə başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə mükafatlandırılıblar.
Klub tərəfindən isə nə Rəsul Çunayevə, nə də digər idmançılara heç bir mükafat
vəd verilməyib.Ancaq bu ilin əvvəlindən Rəsul
Çunayev bizə müraciət edərək aldığı yüksək əmək haqqının az olduğunu bildirmiş
və maaşının artırılmasını istəmişdir. Klub rəhbərliyi isə onun nəzərinə
çatdırmışdır ki, bizdə ən yüksək əmək haqqı elə bu qədərdir, hətta Olimpiya
çempionları üçün də. O da bu maaşın az olduğunu əsas gətirərək bir neçə ay
bundan əvvəl öz xahişi ilə klubdan ayrılıb. Odur ki, bu gün bizim Rəsul Çunayevə
heç bir maddi və mənəvi borcumuz yoxdur və yuxarıda qeyd etdiyimiz kimi o,
klubdan xeyli vaxtdır ki, öz istəyi ilə ayrılıb. İndi belə bir açıqlama verməsi
heç bir məntiqə sığmır və həqiqəti əks etdirmir. Lap elə hesab edək ki, bizim ona
hansısa borcumuz var və müəyyən çətinliklər ucbatından verə bilmirik. Rəsulun
elə o dəqiqə bu onillik münasibətləri, yaxşılıqları unudub öz doğma klubundan
belə asanlıqla üz döndərməsinə nə ad vermək olar?! İllərdir ki, bu klubdan
xüsusi diqqət və qayğı görən, vaxtı-vaxtında əmək haqqı və mükafatlarını alan,
hər kəs tərəfindən dost, qardaş münasibəti görən bir insanın böyüdüyü, uğur
qazandığı, məşhurlaşdığı, ailə səmimiyyəti gördüyü bir klub haqda belə çıxış
etməsi, yalan danışması sözün həqiqi mənasında hər birimizin təəccübünə və təəssüfünə
səbəb oldu.