Tayvanın paytaxtı Taypeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasında “Neftçi
İdman Klubu”nun taekvondoçusu Ayxan Tağızadə gümüş medala layiq görülüb. 68 kq
çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız ilk görüşündə fransalı Franko
Mattey üzərində 19:7 hesablı qələbə qazanıb. Təmsilçimiz ardınca Yakub Barnettə
(Böyük Britaniya) 17:9, Xavyer Peresə (İspaniya) isə 9:7 hesabı ilə qalib
gələrək yarımfinala yüksəlib. Bu mərhələdə o, Ermənistan idmançısı Sergey
Vadazaryan üzərində parlaq qələbə qazanıb (31:14) və finala vəsiqəni təmin
edib. Həlledici qarşılaşmada Ayxan Tağızadə rusiyalı Boris Krasnovla
mübarizədən məğlub ayrılıb və mötəbər yarışın gümüş medalına sahib olub.Xatırladaq ki, Universiadanın ilk günündə klubumuzun cüdoçusu Zelim
Kotsoyev (100 kq) qızıl medal qazanmışdı.