“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə
keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası davam edir.
Mötəbər yarışların beşinci günündə daha 5 idman növü (mini-futbol, stolüstü
tennis, darts, nərd, kəndirdartma) üzrə mübarizələrə son verildi.Mini-futbol yarışında “Suraxanı Oyl” ən güclü komanda adını qazandı.
“Neftqaztikinti” Tresti 2-ci, “Qaz İxrac” İdarəsi isə 3-cü yerə sahib oldu.
Stolüstü tennis növündə Heydər Əliyev adına Neft Emalı Zavodu liderliyə
yüksəldi. Qaz Emalı Zavodu ilə “28 May” NQÇİ isə müvafiq olaraq 2-ci və 3-cü
yerləri bölüşdürdülər. Darts yarışlarında həm kişilər, həm də qadınlar arasında
Neft Kəmərləri İdarəsi hamıdan üstün oldu. Kişilər arasında Bahar Enerji
Əməliyyat Şirkəti və “28 May” NQÇİ, qadınlarda isə Heydər Əliyev adına NEZ ilə
“Neft Daşları” NQÇİ müvafiq olaraq sonrakı pillələrdə qərarlaşdılar. Kəndirdartma idman
növündə “Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası hamıdan güclü oldu.
Finalda bu kollektivə məğlub olan Neft Kəmərləri İdarəsi 2-ci, Heydər Əliyev
adına NEZ-in komandası isə 3-cü yerə çıxdı. Nərd yarışlarında da qaliblər
müəyyənləşdi. “Boss Şelf” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İnformasiya
Texnologiyaları və Rabitə İdarəsi 2-ci, Nəriman Nərimanov adına Neftqazçıxarma
İdarəsi isə 3-cü pillədə dayandı.