Futbol üzrə Azərbaycan I Divizionunda IV turun oyunlarına start verilib.Yeddi xalla turnir cədvəlinə liderlik edən “Qaradağ Lökbatan” komandası “Mil-Muğan”ın
qonağı olub. Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilən görüşdə
qapılara 6 top vurulub. 16-cı dəqiqədə komandamız Sabir Allahquliyevin qoli ilə
önə keçib. 32-ci dəqiqədə Məhəmməd Xəlilov hesab arasındakı fərqi ikiyə
çatdırıb. “Mil-Muğan” 44-cü dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Oyunun
ikinci hissəsində hücumlarını davam etdirən “Qaradağ Lökbatan” 49-cu dəqiqədə
Natiq Kəriminin ifasında daha bir qola imza atıb. 69-cu dəqiqədə Məhəmməd
Xəlilov özünün ikinci, komandasının isə dördüncü qolunu vurub. Yerli komanda
78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib və ikinci dəfə fərqlənib.
Beləliklə, matçda 4:2 hesabı ilə qalib gələn “Qaradağ Lökbatan” komandası xallarının
sayını 10-a çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir.