Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənc cüdoçuların dünya birinciliyi
sona yetib. 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) qatıldığı yarışda Azərbaycanın
yığma komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.Mundialın sonuncu günündə “Neftçi İdman Klubu”nun daha bir cüdoçusu böyük
uğura imza atıb. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev
Koreya, Özbəkistan, Avstriya və Tacikistan təmsilçiləri üzərində qələbə
qazanaraq finala vəsiqəni təmin edib. Həlledici görüşdə o, erməni əsilli Rusiya
idmançısı Armen Adamyanla üz-üzə gəlib. Bu qarşılaşmada da əzmlə mübarizə
aparan Zelim Kotsoyev rəqibini məğlub edib və dünya birinciliyinin qızıl
medalına sahib olub.Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində klubun daha üç yetirməsi
mundialın mükafatına layiq görülmüşdü. Onlardan Hidayət Heydərov (73 kq) qızıl,
Natiq Qurbanlı (55 kq) gümüş, Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanmışdı.Qeyd edək ki, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən
üstün olaraq birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya,
Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər
komandaları qabaqlayıblar. Ümumi komanda hesabında isə gənc cüdoçularımız
yalnız Yaponiyadan geri qalaraq ikinci olublar.