Respublikamız Beynəlxalq Olimpiya Hərəkatında
şərəfli bir yolla irəliləməkdədir. Təbii ki, bu, hər bir ölkə vətəndaşı kimi
bizləri də sevindirir. Buna görə isə ilk növbədə dövlətimizin idmana göstərdiyi
diqqət və qayğını xüsusi dəyərləndirmək lazımdır. Paytaxt və respublikanın
müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman
kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar hazırlamaq
imkanına malikdirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət
siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə
çevrilməkdədir. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı
sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan
ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olmuşdur. Ölkəmizin son
dövrlər beynəlxalq aləmdə qazandığı inam, tez-tez mötəbər idman tədbirlərinə ev
sahibliyi etməsi bunun əyani sübutudur.”Neftçi İdman Klubu” İctimai Birliyi daim
dövlətimizin bu istiqamətdə apardığı siyasətə öz əməli ilə dəstək verməyə
çalışan öncül təşkilatlardandır. Belə ki, klub mütəmadi olaraq, neft, qaz və
kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar
təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də
bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.Faktlara nəzər salsaq, 2017-ci ilin klubumuz üçün
uğurlu olduğunu söyləyə bilərik. Bu müddət ərzində klubun strukturunda
fəaliyyət göstərən qurğularda idmanın 35 növü üzrə 144
peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 900-dən çox
neftçi idmanla məşğul olmuşdur.Klubumuzun fəaliyyətinin əsas istiqaməti kimi,
SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə
müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman
xidmətlərinin göstərilməsi
istiqamətində mühüm addımlar atılmışdır.
Ötən il ərzində stolüstü tennis, voleybol, səmti müəyyən etmə, mini-futbol (28 May – Respublika Günü və 31 dekabr – Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər) və «Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş
idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, eləcə də spartakiada təşkil olunub keçirilmişdir
ki, bu yarışlarda da 1850-dən artıq
neftçi iştirak etmişdir.İdmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin
asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən
möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin
peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində təşkil olunan
spartakiadadır. 2017-ci ildə klubumuz tərəfindən neft, qaz və kimya sənayesi
işçilərinin XXV Spartakiadası keçirilmişdir. Yarışda 31 müəssisədən olan
komandaların tərkibində 1238 iştirakçı mübarizə aparmışdır ki, onlardan da 201-i
qadınlar idi. Spartakiadada 14 idman növü (atletika, mini-futbol, üzgüçülük,
voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts,
kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə yarışlar təşkil olunmuşdur.”Neftçi İdman Klubu”nun digər fəaliyyət istiqaməti
olan böyük
idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlar
əldə edilmişdir. Azərbaycanın müstəqillik
dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin, London və Rio de
Janeyro olimpiadalarında iştirak etmiş və ölkəmizə medallarla dönmüşlər.
Bununla bərabər, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi
olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə
ucaltmaqda davam edirlər. Təkcə 2017-ci il ərzində idmançılarımız 1215 medal qazanmışlar ki, onlardan da 448-i qızıl, 327-si gümüş, 440-ı
isə bürüncdür.May ayında Bakıda
keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3000-dən çox
idmançı 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparırdı. Ümumilikdə
yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanmışlar. Statistikaya görə,
indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması
heç vaxt müşahidə olunmamışdı.Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri
ilə sevindirərək, böyük uğurlara imza atdılar. Belə ki, Azərbaycan 162 medalla
(75 qızıl, 50 gümüş, 37 bürünc) İslamiadanın qalibi adını qazandı.Qürurverici haldır ki, Azərbaycan komandasının əldə
etdiyi medallardan 59-u “Neftçi İdman Klubu”nun atletlərinə məxsus olmuşdur.
Bu medallardan 33-ü qızıl, 19-u gümüş, 7-si isə bürüncdür. Qızıl medallara
Orxan Səfərov, Nicat Şıxəlizadə, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elxan
Məmmədov, Erdenebat Bazarraqça (hamısı cüdo), Elçin Talıbov, Ramil Qasımov,
Afaq Sultanova (hamısı paracüdo), Ruslan Lunyov (güllə atıcılığı, 5 qızıl
medal), Ayxan Tağızadə, Ramin Əzizov (hər ikisi taekvondo), Elvin Mürsəliyev,
İslam Abbasov (hər ikisi yunan-Roma güləşi), Mahir Əmiraslanov, Hacı Əliyev
(hər ikisi sərbəst güləş), Nazim Babayev (atletika), Elçin Muradov, Samir
Nəbiyev (2 qızıl medal), Elmir Cəbrayılov və Oloxan Musayev (hamısı
paraatletika) sahib oldular. Rüstəm Orucov, Elmar Qasımov, Nəzakət Əzizova,
Xanım Hüseynova, İrina Kindzerska (hamısı cüdo), Bayram Mustafayev, Kənan Abdullaxanlı,
Sevda Vəliyeva (hər üçü paracüdo), Səbirə Əliyeva (qadın güləşi), Elçin
Muradov, Kamil Əliyev (hər ikisi paraatletika), Orxan Xanlarov (zorxana) gümüş,
Rəsul Çunayev (yunan-Roma güləşi), Orxan Xanlarov (zorxana), Natiq Talıbov,
Rövşən Səfərov, İlham Zəkiyev (hamısı paracüdo), Oloxan Musayev və Oleq
Panyutin (hər ikisi paraatletika) isə bürünc medala layiq görüldülər.Əldə olunan medallardan on dördünü isə
idmançılarımız komanda yarışlarında qazandılar.Avqust ayında Fransanın paytaxtı Parisdə keçirilən güləş
üzrə dünya çempionatında klubumuzun yetirmələri uğurlu çıxışları ilə yadda
qaldılar. Belə ki, sərbəst güləşçimiz Hacı Əliyev (61 kq) həmin mundialda dünya
çempionu adını qazandı. Bununla da o, Azərbaycan sərbəst güləş tarixində üçqat
dünya çempionu olan ilk güləşçi oldu. Yunan-Roma güləşçimiz Elvin Mürsəliyev
(80 kq) isə bürünc medala layiq görüldü.Avqustun sonu və sentyabrın əvvəllərində
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında
“Neftçi İdman Klubu”nun təmsilçiləri tarixi uğura imza atdılar. 134 ölkədən 794
cüdoçunun mübarizə apardığı mundialda ilk dəfə olaraq iki cüdoçumuz finala yüksəldi.
Orxan Səfərov (60 kq) və Rüstəm Orucov dünya çempionatının gümüş, Elmar Qasımov
(100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medalına sahib oldular.Oktyabr ayında Xorvatiyanın paytaxtı Zaqrebdə 83
ölkədən 590 cüdoçunun qatıldığı gənclər arasında dünya birinciliyində
klubumuzun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək 4 medala yiyələndilər.
Cüdoçularımızdan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya
çempionu adını qazandılar. Natiq Qurbanlı (55 kq) gümüş, Nəzakət Əzizova (52
kq) isə bürünc medala sahib oldu.Bundan əlavə, cüdoçularımız il ərzində təşkil
olunmuş Avropa çempionatı və kuboku yarışlarında, eləcə də “Böyük dəbilqə” və
Qran-pri beynəlxalq turnirlərində əzmlə mübarizə apararaq ölkəmizə medallarla
dönmüşlər.Yola saldığımız ildə təkmübarizlik növləri ilə yanaşı,
kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol və futzal
komandalarımız sonuncu Azərbaycan çempionatında 2-ci yerə çıxmışlar. Bundan əlavə, futbol üzrə ölkə çempionatının Birinci
Divizionunda çıxış edən «Qaradağ Lökbatan» komandası mövsümü 4-cü yerdə
başa vurmuşdur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə
futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub komanda birinciliyində
klubumuz bütün yaş qruplarında təmsil olunmuşdu. «Neftçi İdman
Klubu»nun komandaları müxtəlif yaş qruplarında
Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi «Sabahın
ulduzları» paytaxt çempionatında çıxışlarını uğurla davam etdirməkdədirlər.Ümumiyyətlə, “Neftçi İdman Klubu”
uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə
də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər
bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar
keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə
komandalara cəlb olunurlar. Hal-hazırda “Neftçi İdman Klubu”nda 22
məşqçinin rəhbərliyi altında 250-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə
yiyələnir. Onu da qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş
qrupları üzrə bütün liqalarda klubumuz yüksək səviyyədə təmsil olunur.Bu sahədə məqsədyönlü şəkildə görülən işlər və həyata keçirilən tədbirlər artıq öz bəhrəsini
verməkdədir. Belə ki, 2017-ci ilin dekabr ayında Türkiyənin Trabzon şəhərində
təlim-məşq toplanışında olan on iki yaşadək futbolçulardan ibarət komandamız bu
müddət ərzində paralel olaraq həm də dörd yoldaşlıq görüşü keçirdi. Böyük
əzmkarlıq nümayiş etdirən futbolçularımız bütün qarşılaşmaları qələbə ilə başa
vurdular. Təmsilçimiz “Trabzonspor”, “Ortahisar”, “Yolspor” və
“Soyuqsuspor” komandalarını müvafiq olaraq 4:1, 5:3, 6:0 və 11:3 hesabı
ilə məğlubiyyətə uğratdı. Bu da təbii ki, çox yaxşı göstəricidir və klubumuzun
uşaq futboluna göstərdiyi qayğının açıq təzahürüdür.Sadaladığımız bu uğurlar il ərzində klubun
qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. Əldə etdiyi yüksək nailiyyətlər
sayəsində klubumuz Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı idman
təşkilatı” adına layiq görülmüşdür. Bundan əlavə, həmin qurum tərəfindən “İlin
ən yaxşı idmançıları” nominasiyasında qalib olan 12 idmançıdan beşi – Hacı
Əliyev (sərbəst güləş), Hidayət Heydərov (cüdo), Nazim Babayev (atletika),
Ruslan Lunyov (güllə atıcılığı) və İlham Zəkiyev (paracüdo) klubumuzun
yetirmələridir. Bütün bu göstəricilər «Neftçi İdman
Klubu»nun ölkədə lider idman
cəmiyyəti olmasının əyani sübutudur.Şübhəsiz ki, bu uğurların əldə olunmasında SOCAR-ın
prezidenti Rövnəq Abdullayevin idmançılarımıza mütəmadi olaraq göstərdiyi
diqqət və qayğının danılmaz rolu vardır. Məhz onun yaxından köməkliyi sayəsində
idmançılarımız üçün hər cür şərait yaradılmışdır və təbii ki, uğura aparan
yolun əsas sirləri də elə burada gizlənir.