Türkiyənin Gebze şəhərində
keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci “Zəfər
Kuboku” beynəlxalq turnirinə yekun vurulub. Yarışda Azərbaycan, Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya , Türkmənistan, Qazaxıstan, Rumıniya, Macarıstan, Bolqarıstan, Bosniya və
Herseqovina, Makedoniya, Argentina, Hollandiya və Qırğızıstan idmançıları mübarizə aparıblar.”Neftçi İdman Klubu”nun
Azərbaycan millisinin heyətində
yer almış güləşçilərindən ikisi mötəbər
turnirin mükafatçıları sırasına düşməyə müvəffəq olub. Sərbəst güləşçilərimizdən 55 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən
Əbülfəz Nəsirov bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medala yiyələnib.
Yeniyetmə qızların yarışında isə Şahanə Nəzərova (43 kq) yalnız həlledici final
qarşılaşmasında məğlub olub və gümüş medala layiq görülüb.