«Neftçi İdman Klubu» ölkəmizdə bədən tərbiyəsi
və idmanın inkişaf etdirilməsində yaxından iştirak edən və bu istiqamətdə öz
töhfəsini verən öncül qurumlardan biridir. Klub peşəkar idmanla yanaşı, mütəmadi
olaraq, neft, qaz və kimya sənayesinin işçiləri arasında da idmanın müxtəlif
növləri üzrə yarışlar təşkil edir. Gündən-günə daha intensiv xarakter daşıyan
bu tədbirlər idmanın kütləviləşməsi, sağlam gəncliyin yetişməsi və neftçilərin
asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunur.«Neftçi İdman Klubu» bu il də öz ənənəsini
davam etdirərək neft, qaz və kimya sənayesi
müəssisələrinin işçiləri və onların ailə üzvləri arasında 1 iyun – Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» idman-turizm
yarışı keçirdi. İyunun 8-10-da Azərbaycanın dilbər guşələrindən olan Xaçmaz
rayonunun Nabran qəsəbəsindəki meşə zolağında təşkil olunan yarışda ”Azərkimya”
İstehsalat Birliyi, Neft Kəmərləri İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, «28
May» NQÇİ və «Qaz
İxrac» İdarəsindən 11 komanda mübarizə aparırdı.Turnirin keçirilməsində əsas məqsəd
«Atam, anam və mən» idman-turizm yarışını neftçilər arasında inkişaf etdirmək,
işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, onlar arasında sağlam
həyat tərzini təbliğ etmək, turizm üzrə yarışların yeni formalarını araşdırmaq
və tətbiq etmək idi.Yarışın qaydasına görə, komandanın tərkibi 4 nəfərdən (1 kişi, 1
qadın, 1 uşaq (oğlan və ya qız) və 1 nümayəndə) ibarət idi. Oğlan və qızlar
arasında yarışlar ayrılıqda keçirilirdi. Yaşı 14-dən yuxarı olan uşaqların
iştirakına icazə verilmirdi. Komandanın tərkibinə yalnız ailə üzvləri daxil ola
bilərdi. Hər müəssisənin yarışlarda 4 komanda ilə təmsil olunmaq hüququ vardı.Əvvəlcə yarışın baş hakimi Natalya
Əliyeva iştirakçılara yarış haqda məlumat verdi. Yarışın keçirilmə qaydası
aşağıdakı formada təşkil olunmuşdu. Ailə komandası öncə start nöqtəsində qurulmuş çadırı sökür. Sonra onlar
bir qədər qaçaraq, irəlidə qoyulmuş xüsusi kisələri götürür və hər bir
iştirakçı qurşağa qədər ayrı-ayrı kisələrə girirdilər. Müəyyən məsafəni bu vəziyyətdə
tullana-tullana qət edən yarışmaçılar təyin olunmuş nöqtədə kisələri kənara
ataraq, yenidən irəliyə doğru qaçırdılar. Ardınca kəndirdən hörülmüş toru –
«siçantutan»ı keçərək, müəyyən məsafəyə qədər qaçır və yerdəki topları ağaca bərkidilmiş
halqaya atırdılar. Müəyyən nöqtəyə qədər beton tirin üstü ilə qaçan ailə, sonra
ağacdan asılmış kəndiri arxası üstə əllərini və ayaqlarını sürüşdürməklə keçir
və növbəti maneəyə doğru qaçırdı. Bu dəfə komanda iki ağac arasında asılmış paralel kəndiri ayaqüstə
keçir və qarşıda quraşdırılmış nişangaha xüsusi ox atır. Burada ailənin üzvləri
bir halqanın içərisinə girərək müəyyən məsafə qət edir və stolun üzərindəki hərflərdən
nəzərdə tutulmuş sözü tapmalı idilər. Ardınca komanda bir qədər irəliyə
qaçaraq, ağacdan asılmış kəndir vasitəsilə müəyyən olunmuş məsafəyə tullanır. Sonra zərərçəkənin
daşınması nöqtəsindən ata və ana uşağı əlləri üzərinə götürüb, qaçaraq onu
finişə daşıyırdılar. Burada isə onlar start nöqtəsində sökdükləri çadırı yenidən
quraşdıraraq əvvəlki vəziyyətinə qaytarırdılar. Yarışı ən tez və səhvsiz (və ya daha az səhvlə)
başa çatdıran komanda qalib hesab olunurdu.Beləliklə, ailə komandaları arasında
bir neçə saat davam edən, öz rəngarəngliyi və marşrutunun zənginliyi ilə böyük
rəqabət yaradan yarışlara yekun vuruldu. Oğlanlar arasında Hüseynovlar ailəsi (Neft
Kəmərləri İdarəsi) yarışın qalibi adını qazandı. Zeynalovlar ailəsi (“Azərkimya” İstehsalat Birliyi) 2-ci, Zöhrabbəyovlar
ailəsi («28 May» NQÇİ) isə 3-cü yeri tutdu. Qızlar arasında Kərimovlar ailəsi(“Azərkimya”
İB), liderliyə yüksəldi. 2-ci və 3-cü yerləri isə Heydər Əliyev adına Neft Emalı Zavodunu təmsil edən Rzayevlər ailəsi tutdu.Ailə yarışları başa çatdı və növbəti
gün uşaqlar arasında «Şən startlar» əyləncəli yarışı keçirildi. Müxtəlif
maraqlı oyunların birinin digərini əvəz etməsi uşaqların hədsiz sevincinə səbəb
olurdu. Yüksək səviyyədə təşkil olunmuş
yarışda uşaqların böyük həvəslə iştirakını və onların üzündəki sevinci müşahidə
etmək hər kəsdə xoş təəssürat yaradırdı. Bundan əlavə, uşaqlar arasında şeir
demək, rəqs etmək və mahnı oxumaq, eləcə də ölkəmizin tarixi və coğrafiyası ilə
bağlı tərtib olunmuş suallar üzrə intellektual müsabiqə keçirildi ki, bu
yarışmalarda da onlar böyük maraq və həvəslə
iştirak etdilər.Sonda düzənlənən mükafatlandırma mərasimində
«Neftçi İdman Klubu»nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək
uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə klubun idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. Respublikamızda
uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açan klub rəsmisi, onların gələcəkdə daha xoşbəxt həyat
yaşayacaqlarına əmin olduğunu bildirdi. O, yarışda göstərdikləri fəallığa görə
bütün iştirakçılara minnətdarlığını bildirdi, onlara cansağlığı arzuladı və
qalibləri təbrik etdi.Mükafatlandırma mərasimində öncə yer
tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olundu. Sonra uşaqlar
arasında keçirilən yarışlarda və müsabiqələrdə qalib gəlmiş on nəfər – Fidan Həsənova,
Aişə Rzayeva, Murad Hüseynov, Lətifə
Ağayeva, Hacı Zöhrabbəyli, Səma Rzayeva, Adil Zeynalzadə, Fatimə Səmədova, Gülzar
Quliyeva və Hüseyn Zöhrabbəyli mükafatlandırıldılar.
Bundan əlavə, «Neftçi İdman Klubu» öz ənənəsini davam etdirərək, «ən kiçik
turist», «ən fəal turist» və «ən qocaman turist» nominasiyaları üzrə də
mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Adil
Zeynalzadə (“Azərkimya” İB), Zülfiyyə
Əmirbəyova (Neft Kəmərləri İdarəsi) və Fəxriyyə Xancanova (Heydər Əliyev adına
Neft Emalı Zavodu) layiq görüldülər.Sonda
yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olundu.Bununla
da öz rəngarəngliyi ilə seçilən, əvvəldən-axıra
qədər uşaqların sevincə qərq olması ilə yaddaşlarda dərin iz buraxan daha bir turizm yarışına yekun
vuruldu.