“Neftçi İdman Klubu”nun güləşçisi Şahanə
Nəzərova (43 kq) Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin
III Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. B qrupunda yer alan idmançımız
yarışa uğurlu start verib. O, ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl
qalib gəlib. Nigeriya güləşçisini də məğlub edən təmsilçimiz 3-cü görüşdə son
dünya çempionatının finalında uduzduğu amerikalı güləşçinin müqavimətini yenə də
qıra bilməyib. Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək
B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz
bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi
ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə
qalib gələn klubumuzun
yetirməsi Olimpiadanın bürünc medalına layiq görülüb.