Bugünlərdə paralimpiya çempionu Ramin İbrahimovun saytlardan birinə verdiyi müsahibəsindəki fikirləri bizi çox təəccübləndirdi. Klubumuzun sabiq paracüdoçusu müsahibəsində bizi ittiham edərək məşqçi işləmək üçün sənədlərini “Neftçi İdman Klubu”na verdiyini, ancaq üç ildir gözləsə də, indiyə qədər işə düzələ bilmədiyini bildirir.Doğrusu, sabiq idmançımızın söylədiyi fikirləri böyük təəssüf hissi ilə qarşıladıq. Əvvəla ona görə ki, Raminin bu günə qədər qazandığı titullarda, eləcə də onun paralimpiya çempionu olmasında klubumuzun danılmaz rolu, misilsiz xidmətləri olmuşdur. Bununla bərabər o, “Neftçi İdman Klubu”unda paralimpiyaçılara necə qayğı ilə yanaşıldığının da canlı şahididir.İkincisi, İbrahimov hal-hazırda paralimpiya cüdosu üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisidir. Özü də çox gözəl bilir ki, klubumuz həmin komandanın, kişilərdən ibarət paralimpiya millimizin, eləcə də digər idman növləri üzrə mübarizə aparan çoxsaylı paralimpiyaçıların respublikadaxili və beynəlxalq yarışlarda iştirak etməsi üçün hər cür dəstəklə yanaşı, maddi  köməkliklər də göstərir və göstərməkdədir. Paracüdo milli komandalarının bütün təlim-məşq toplanışlarının təşkilinə də xüsusi həssaslıqla yanaşır və maddi köməklik göstəririk. Təbii ki, bunu Paralimpiya Komitəsinin rəhbərliyi də təsdiqləyə bilər. Elə Ramin İbrahimovun özü də idmançı karyerasını başa vurana qədər “Neftçi İdman Klubu”ndan maaş aldığını çox güman ki, unutmayıb. Azərbaycan Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev və hazırda idmançı karyerasını davam etdirən digər paracüdoçularımız indi də “Neftçi İdman Klubu”ndan əməkhaqqı alırlar. Bu gün də klubumuzun üzvü olan, nəinki cüdo, digər idman növləri üzrə çoxlu sayda paralimpiyaçılar var ki, müxtəlif sahələrdə çalışmalarına baxmayaraq, idmançı karyeralarını davam etdirdiklərinə görə bizdən maaş alırlar.Üçüncüsü, Ramin İbrahimov müsahibəsində etiraf edir ki, özünün klubu mövcuddur. Belə olduğu halda, qadınlardan ibarət milli komandanın baş məşqçisi olan və klub sahibi olduğunu etiraf edən şəxsin özünü işsiz adlandırmasını hansı məntiqə sığışdırmaq olar?Odur ki, “Neftçi İdman Klubu” olaraq, Ramin İbrahimovu haqqımızda həqiqəti əks etdirməyən fikirlər səsləndirdiyinə görə qınayır, onu geriyə boylanmağa və populyarlaşmasında böyük pay sahibi olan sabiq klubuna qarşı bir qədər ədalətli olmağa çağırırıq.