Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə
dünya çempionatı davam edir. Turnirdə 147 ölkədən 839 idmançı (509 kişi, 330 qadın) qalib adı uğrunda mübarizə aparır.Mötəbər yarışın üçüncü günündə “Neftçi İdman
Klubu”nun Azərbaycan millisinin heyətində yer almış cüdoçularından ikisi mübarizəyə
qoşulub. Sevindirici haldır ki, onların hər ikisi dünya çempionatını medalla
başa vurub. Təmsilçilərimizdən Rüstəm Orucov (73 kq) belaruslu Vadim Şoka,
Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli
Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi
komanda yoldaşı, klubumuzun digər yetirməsi Hidayət Heydərov olub. Cüdoçularımızın duelindən Rüstəm Orucov qalib
ayrılaraq finala vəsiqəni təmin edib. Həlledici final görüşündə cüdoçumuzun rəqibi
“Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi, yaponiyalı Şohei Ono olub. Güclü rəqibinə
məğlub olan Rüstəm Orucov dünya çempionatının gümüş medalına layiq görülüb.Onunla eyni çəki dərəcəsində çıxış edən Hidayət Heydərov
isə macarıstanlı Frigies Szabo, rusiyalı Musa Moquşkov, Böyük Britaniya
idmançısı Erik Ham və Tacikistan təmsilçisi Behruzi Xojazoda üzərində qələbə
qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə komanda yoldaşı Rüstəm Orucova məğlub
olan idmançımız bürünc medal uğrunda mübarizə aparıb. Tacikistan idmançısı
Somon Maxmadbekova qalib gələn Hidayət Heydərov dünya çempionatını üçüncü pillədə
başa vurub.