“Neftçi İdman Klubu” İctimai Birliyi Azərbaycan
idmanının inkişaf etdirilməsində daim yaxından iştirak edib. Bu tarixi missiyasını
indi də davam etdirən klub, mütəmadi olaraq yeniliklər axtarışındadır və ölkə
idmanının yüksəlişi yolunda var gücü ilə çalışır. Çoxsaylı idman növlərini
özündə cəmləşdirən klubda son vaxtlar futbolun, xüsusilə də uşaq futbolunun
daha da inkişaf etdirilməsi böyük önəm daşıyır və bu istiqamətdə yeni layihələrə
artıq start verilib. Həmin layihələrin həyata keçirilməsi üçün “Neftçi İdman
Klubu”nun rəhbərliyi tərəfindən müxtəlif addımlar atılmaqdadır. Belə ki, uşaq
futbolunda çalışmış kateqoriyalı və təcrübəli mütəxəssislər bu işə cəlb olunub.
Onların iştirakı ilə seleksiya xarakterli toplantılar, yarışlar keçirilir və
istedadlı uşaqlar seçilərək klubun müxtəlif yaş qrupları üzrə komandalarına cəlb
olunur.Bölgələrdə uşaq futbolunu inkişaf etdirməyi və
yeniyetmə istedadları tapıb üzə çıxarmağı qarşısına məqsəd qoymuş klub tərəfindən
sentyabrın 29-da bu layihə çərçivəsində daha bir möhtəşəm tədbir keçirildi.
“Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun xüsusi
tapşırığı əsasında klubun futbol mütəxəssislərindən ibarət böyük bir heyət Siyəzən
rayonuna yollandı. Səfərdə məqsəd burada olan istedadlı uşaqların seçilməsindən
ibarət idi. Rayonda fəaliyyət göstərən 8 müxtəlif məktəbin 200-ə yaxın
şagirdinin qatıldığı tədbir həm uşaqların, həm də yerli sakinlərin böyük marağına
səbəb oldu. Gün ərzində bu məktəblər arasında yarışlar keçirildi, onların
şagirdlərinin oyunları klubun mütəxəssisləri tərəfindən izlənildi. Bütün yaş
qrupları üzrə Siyəzən stadionunda təşkil olunan yarışlarda günün birinci yarısında
böyüklər, ikinci yarısında isə daha kiçik yaşlı uşaqlar bacarıqlarını nümayiş
etdirdilər.”Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin
direktoru Məhərrəm Həsənov və koordinatoru Azər Bağırovun rəhbərlikləri altında
sözügedən rayona təşrif buyuran bütün yaş qruplarının baş məşqçilərindən və
seleksiyaçılardan ibarət on nəfərlik heyət istedadlı uşaqların seçimini həyata
keçirirdi. Onlar beş-beş olmaqla iki qrupa bölünmüşdülər. Oyunlar zamanı ilk
hissədə birinci beşlik bir komandanın, ikinci beşlik isə digər komandanın
iştirakçılarını izləyir, növbəti hissədə isə onlar izlədikləri komandanı digərinə
dəyişirdilər. Beləcə, futbol mütəxəssisləri qarşılaşmaları izləyir, öz qeydlərini
edir və fərqlənənləri seçirdilər. Seçilənlər arasında isə yenidən yarış
keçirilirdi.Beləliklə, günün sonunadək davam edən seleksiya
xarakterli yarışlarda 1998-ci il təvəllüdlülərdən Fərrux Babazadə, 1999-cu il
doğumlulardan Cavid Salahov, Amin Cəlilov, Natiq Əliyev, Şərifulla Xankişiyev, 2000-ci
illərdən Bəhruz Cəfərov, Sənan Xudiyev, 2003-cü il təvəllüdlülərdən Cəmil
Orucov, Nicat Məmmədov, Hüseyn Ağayev, Əli Ocaqquliyev, Aqil Babayev, 2004-cü
illərdən Murad Balayev, Kənan Şirəliyev, Rəvan İsgəndərov, Elnur Adıgözəlov,
Vasif İsayev, Coşqun Quliyev, 2005-ci il doğumlulardan Arif Dəmirov, Nahid
Mahmudlu, Nicat Rəhmanov, 2006-cı il təvəllüdlülərdən isə
Fariz Balabəyov və Kənan Bayramov kimi istedadlı futbolçular mütəxəssislər tərəfindən
bəyənilərək ilk seleksiyadan uğurla çıxdılar. Gələcəkdə onların müvafiq yaş
qrupları üzrə komandalara cəlb olunması nəzərdə tutulur.