Hələ 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin
prezidenti seçiləndə ölkəmizdə Olimpiya Hərəkatında yeni mərhələ başladı. Azərbaycan
sürətlə dünyanın idman ailəsinə daxil oldu. 2003-cü ildən etibarən isə
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən strategiyaya uyğun
olaraq, idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrildi. İlk növbədə regionlar da daxil olmaqla bütün respublika üzrə beynəlxalq
standartlara cavab verən yeni, müasir idman qurğularının , olimpiya idman
komplekslərinin tikilməsinə başlandı. Bununla da ölkədə yeni idmançı nəslinin
yetişməsini qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına
göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək
nailiyyətlər qazanmasına gətirib çıxardı.Dövlətimizin düşünülmüş idman siyasəti bu gün də
uğurla davam edir. Ağsuda inşa olunan yeni idman kompleksi də bu siyasətin tərkib
hissəsidir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunan
kompleksdə tikinti işləri ən yüksək səviyyədə aparılıb və bu yaxınlarda başa
çatdırılıb.Kompleksin həyətində ümummilli lider Heydər
Əliyevin idmançılara göstərdiyi qayğını, müxtəlif dövrlərdə Ağsuya səfərlərini əks
etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin Prezident İlham
Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks
etdirən fotolar da yer alır.Sentyabrın 17-də dövlət başçısı Ağsu rayonuna səfəri
çərçivəsində idman kompleksinin açılışında iştirak edib.Oktyabrın 5-də isə idman ictimaiyyətinin bir qrup
üzvünün iştirakı ilə kompleks fəaliyyətə başlayıb. “Neftçi İdman Klubu”nun idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqov, Olimpiya, dünya, Avropa çempion və
mükafatçıları Elnur Məmmədli, Rəsul Çunayev, Rövşən Bayramov, Hacı Əliyev, Rauf
Ağayev, Nizami Paşayev və digərləri, eləcə də Ağsu rayon rəhbərliyinin təmsil
olunduğu böyük bir heyət orada iştirak edərək kompleks haqda yüksək fikirlərini
söyləyiblər və idmançılara uğurlar diləyiblər.Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və
qayğıdan söhbət açıblar. Yüksək səviyyəli bir idman ocağının istifadəyə verilməsindən
məmnunluqlarını dilə gətirən natiqlər burada çoxlu sayda idmançıların yetişəcəyinə
və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklərinə inandıqlarını
bildiriblər.Qeyd edək ki, Ağsu İdman Kompleksində boks, cüdo,
güləş, ağırlıqqaldırma, üzgüçülük, taekvondo və digər idman növlərinin fəaliyyət
göstərməsi üçün maksimum şərait yaradılıb. İnanırıq ki, bu kompleksdə yetişəcək
idmançılar ölkəmizi müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda layiqincə
təmsil edəcək və Vətənə medallarla dönəcəklər.