Bu gün Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov
adına Olimpiya Təlim-İdman Kompleksində yeni cüdo və boks zallarının açılışı
olub. Tədbirdə çıxış edən “Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqov dövlətimizin idmana göstərdiyi diqqət və qayğıdan
danışıb. O, bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti
sayəsində Azərbaycan idmanındakı ümumi inkişafdan, ölkəmizin Avropanın və dünyanın idman mərkəzlərindən
birinə çevrilməsindən, eləcə də respublikamızın son dövrlər beynəlxalq aləmdə
qazandığı etimad sayəsində tez-tez mötəbər idman tədbirlərinə ev sahibliyi etməsindən
geniş söhbət açıb. İdarəetmə aparatının rəhbəri çıxışının sonunda ölkə
idmanının qazandığı uğurlarda cüdoçularımızın və boksçularımızın böyük rol
oynadığını xüsusi vurğulayıb və yeni zalın açılışı münasibətilə yeniyetmə idmançıları
təbrik edərək onlara uğurlar diləyib.Sonra əməkdar məşqçilər Ağayar Axundzadə, Validə
Nuriyeva və boks üzrə klubun baş məşqçisi Vüqar Ələkbərov ürək sözlərini
bildiriblər. Suraxanıda daim yaxşı, adlı-sanlı idmançıların yetişdiyini diqqətə
çatdıran çıxışçılar bu ənənənin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə
inandıqlarını söyləyiblər və yeni zalların açılışına, eləcə də yaradılan yüksək
şəraitə görə “Neftçi İdman Klubu”nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.