Bu gün ölkəmiz Beynəlxalq
Olimpiya Hərəkatında şərəfli bir yolla irəliləyir. Son illər Azərbaycanda
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən nəhəng,
dünyanın ən inkişaf etmiş idman ölkələrinin də təəccübünə səbəb ola biləcək işlər
hər birimizdə qürur hissi yaratmaqla bərabər, təbii ki, həm də bizləri çox
sevindirir. Buna görə isə ilk növbədə dövlətimizin idmana göstərdiyi diqqət və
qayğını xüsusi dəyərləndirməyə borcluyuq. Belə ki, paytaxtımızda və
respublikanın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir
olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançıların
hazırlanması üçün münbit şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü
dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən
birinə çevrilməkdədir. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik
qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan
ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Son illər ölkəmizin
beynəlxalq aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər
yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək
nailiyyətlər bunun açıq təzahürüdür.”Neftçi İdman
Klubu” bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak
edib və bu gün də öz işini uğurla davam etdirir. Klubumuz mütəmadi olaraq neft,
qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə
yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi
işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.Geriyə boylansaq,
2019-cu ildə klubumuzun çoxsaylı uğurlara imza atdığının şahidi olarıq. Bu müddət
ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 35 növü üzrə 234
peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də
900-dən artıq neftçi idmanla məşğul olub.Yola saldığımız ildə
“Neftçi İdman Klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın
strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan
işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi
və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülüb. Bu müddət
ərzində həmin işçilər arasında klubumuz tərəfindən voleybol (yanvar ayında
kişilər, martda isə qadınlar arasında), futtennis, səmti müəyyənetmə, piyada
turizm, mini-futbol (28 – May Respublika
Gününə və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş
turnirlər), «Atam, anam və mən» (1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə
həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri,
eləcə də spartakiada təşkil olunub keçirilib ki, bu yarışlarda da 2000-ə yaxın
insan iştirak edib.Respublikamızda
idmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının
səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli
qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr
– Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2019-cu ildə
klubumuz tərəfindən neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadası
keçirildi. Yarışda 33 müəssisədən olan komandaların tərkibində 1400-dən artıq
neftçi iştirak edirdi ki, onlardan da 300-dən çoxu qadınlar idi. Spartakiadada
14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol,
daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma,
futtennis və güllə atıcılığı) üzrə yarışlar təşkil edilmişdi.Böyük idman və peşəkar
idmançıların hazırlığı sahəsində də böyük uğurlara nail olunub. Yola saldığımız
ildə akrobatika idman növü üzrə klubun açıq birinciliyi və ümummilli lider Heydər
Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat turniri keçirilib
ki, bu yarışlarda da yüzlərlə idmançı bacarığını nümayiş etdirib.Respublikamız müstəqillik əldə etdikdən indiyə
qədər idmançılarımız bütün olimpiadalarda (Atlanta, Sidney, Afina, Pekin,
London və Rio de Janeyro) iştirak edərək ölkəmizə medallarla dönüblər. Bununla
bərabər, klubun yetirmələri bu gün də müxtəlif səviyyəli beynəlxalq yarışlarda
mütəmadi olaraq ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə
ucaltmaqda davam edirlər. Təkcə 2019- cu il ərzində idmançılarımız 1256 medal
qazanıblar ki, onlardan da 437-si qızıl, 366-sı gümüş, 453-ü isə bürüncdür.İyunda Belarusun
paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında klubumuzun yetirmələri böyük
uğura imza atıblar. Belə ki, Avropanın 50 ölkəsindən 4 mindən çox atletin
mübarizə apardığı mötəbər turnirdə “Neftçi İdman Klubu”nun təmsilçiləri 2-si qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla bu
oyunların 9 medalına sahib olublar. Qızıl medallara Hacı Əliyev və Mahir
Əmiraslanov (hər ikisi sərbəst güləş) layiq görülüblər. Rüstəm Orucov (cüdo),
İslam Abbasov (yunan-Roma güləşi), Ağasif Səmədov (sambo) gümüş, Hidayət Heydərov,
Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska (hamısı cüdo) isə bürünc
medala yiyələniblər.Elə həmin ay “Neftçi
İdman Klubu”nun atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX
Ümumdünya Yay Universiadasının qızıl medalına sahib olub. O, üç təkanla
tullanma yarışının finalında 16,89 metr nəticə göstərərək Universiadanın qalibi
olub. Klubumuzun digər yetirməsi, cüdoçu Hidayət Heydərov isə gümüş medala
layiq görülüb.İyul ayında Bakıda təşkil
olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında da idmançılarımız yüksək
nailiyyətlər qazanıblar. Təmsilçilərimizdən Elmir Əliyev və Xasay Həsənli (hər
ikisi yunan-Roma güləşi) əzmlə mübarizə apararaq mötəbər yarışın qalibi adını
qazanıblar. Əbülfəz Nəsirov (sərbəst güləş)
və Vüqar Talıbov (cüdo) gümüş, Şükran Zamanlı (cüdo) isə bürünc medala yiyələnib.Martda Şotlandiyanın
paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında Nazim
Babayev üçtəkanla tullanma yarışlarında 17,29 metr nəticə göstərərək qızıl
medal qazanıb və bu nəticə ilə o, həm də öz şəxsi rekordunu yeniləyib.Aprel ayında Rumıniyanın
paytaxtı Buxarestdə baş tutan güləş üzrə Avropa çempionatında “Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış sərbəst güləşçiləri
qitə çempionatında uğurla çıxış ediblər. Üçqat dünya, ikiqat Avropa çempionu
Hacı Əliyev karyerasında üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb. Beləliklə,
Hacı Əliyev həm üçqat dünya, həm də üçqat Avropa çempionu olub. Mahir
Əmiraslanov isə bürünc medal əldə edib. Yunan-Roma güləşçimiz İslam Abbasov
gümüş medala yiyələnib. Avqustda Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər
arasında keçirilən dünya birinciliyində klubumuzun yunan-Roma güləşçisi, Avropa
Gənclər Olimpiya Festivalının qalibi Elmir Əliyev böyük əzmkarlıq nümayiş etdirərək
gümüş medal qazanıb. Elə həmin ay Estoniyanın paytaxtı Tallində gənc güləşçilərin
dünya birinciliyində isə digər yunan-Roma güləşçimiz Ülvi Qənizadə eyni uğuru təkrarlayaraq
dünya ikincisi olub. Noyabrda Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər
arasında təşkil olunan dünya çempionatında “Neftçi İdman Klubu”nun
yunan-Roma güləşçisi Sənan Süleymanov gümüş medala yiyələnib.Sentyabr ayında güllə
atıcımız Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində gerçəkləşən Avropa
çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında 587 xal
toplayıb və qitə çempionatının qızıl medalına sahib olub.Oktyabrda şahmatçımız Teymur Rəcəbov Rusiyanın
Xantı-Mansiysk şəhərində təşkil olunan dünya kubokunda böyük uğura imza atıb. Belə
ki, klubumuzun təmsilçisi Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku
turnirinin qalibi olub.İyun ayında Polşanın
paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında baş tutmuş Avropa birinciliyində
“Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan cüdoçusu
Hüseyn Məmmədov Avropa birinciliyinin bürünc medalını qazanıb. Avqustda Yaponiyanın
paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında təmsilçilərimiz daha
bir uğura imza atıblar. Böyük əzmkarlıq nümayiş etdirən cüdoçularımızdan Rüstəm
Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib çıxıb. Sentyabr ayında Finlandiyanın
Vantaa şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyində klubumuzun cüdoçularından
ikisi mükafata layiq görülüb. İdmançılarımızdan Əhməd Yusifov və İbrahim Əliyev
qitə birinciliyinin bürünc medallarını əldə ediblər. Həmin ay Qazaxıstanın
Almatı şəhərində gerçəkləşən yeniyetmələr
arasında dünya birinciliyində “Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov bürünc medal qazanıb. Onu da qeyd etmək yerinə
düşər ki, yeniyetmələrdən ibarət milli komandamız bu dünya birinciliyində
tarixdə ilk dəfə finala yüksəlib və mötəbər yarışın gümüş medalına layiq
görülüb. Oktyabrda Mərakeşdə təşkil
olunan gənclər arasında cüdo üzrə dünya birinciliyində Azərbaycan millisinin
heyətində yer alan iki idmançımız uğurla çıxış edərək medala sahib olub. Cüdoçularımızdan
Əhməd Yusifov gümüş, İbrahim Əliyev isə bürünc medala yiyələnib.Bundan əlavə,
cüdoçularımız il ərzində təşkil olunmuş Avropa kuboku yarışlarında, eləcə də
“Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində əzmlə mübarizə
apararaq ölkəmizə medallarla dönmüşlər.2019-cu ildə təkmübarizlik
növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də mühüm addımlar atılıb. Yüksək
liqada çıxış edən kişilərdən ibarət voleybol komandamız sonuncu Azərbaycan
çempionatında 2-ci yeri tutub.Klubumuz uşaq
futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə də
uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu
işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar
keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə
komandalara cəlb olunurlar. Hal-hazırda “Neftçi İdman Klubu”nda 24 məşqçinin
rəhbərliyi altında 300-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir.
Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı
yaş qrupları üzrə bütün liqalarda yüksək səviyyədə təmsil olunurlar.Sadaladığımız bu
uğurlar ötən il ərzində klubun qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. 2019-cu
ildə əldə etdiyi yüksək nailiyyətlər sayəsində klubumuz Gənclər və İdman
Nazirliyi tərəfindən “İlin ən yaxşı idman təşkilatı” adına layiq görülüb.
Bundan əlavə, həmin qurum tərəfindən “İlin ən yaxşı idmançıları”
nominasiyasında qalib olan idmançılardan altısı – Hacı Əliyev (sərbəst güləş),
Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Rüstəm Orucov (cüdo), Elçin
Əsədov (velosiped) və Aynur Məmmədova (parataekvondo) klubumuzun yetirmələridir.
Bütün bu göstəricilər «Neftçi İdman Klubu»nun Azərbaycanda lider idman cəmiyyəti
olmasının əyani sübutudur.Ancaq biz qazanılan
bu uğurlarla kifayətlənmirik. Əksinə, daha yüksək nailiyyətlər əldə etmək üçün
inamla, əzmlə çalışaraq irəliyə doğru addımlamaqda qərarlıyıq.Hazırda əsas hədəfimiz
bu il Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarına
daha yaxşı hazırlaşmaq və həmin mötəbər yarışda ölkəmizi layiqincə təmsil etməkdir.
Məqsədimizə çatmaq üçün var gücümüzlə çalışır və bu istiqamətdə bütün qüvvələrimizi
səfərbər etmişik.Şübhəsiz, klubumuzun
bu nailiyyətləri əldə etməsində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin idmançılarımıza
göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmalıdır. Məhz onun mütəmadi olaraq
göstərdiyi qayğının sayəsində klubun idman qurğuları ən müasir idman inventar və
avadanlıqları ilə təchiz olunub, idmançı, məşqçi və hakimlər müxtəlif beynəlxalq
yarışlara, təlim-məşq toplanışı və seminarlara ezam olunublar. Bir sözlə, idmançılarımıza
uğur qazanmaq üçün hər cür şərait yaradılıb.