“Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin yetirmələri AFFA-nın 2020-2021-ci
il mövsümündə aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi
liqalarda mübarizə aparmaq üçün hazırlıqları davam etdirirlər. Həmişə olduğu
kimi, bu mövsümdə də klubumuz Azərbaycan birinciliyində bütün yaş qrupları üzrə
iştirak edəcək. Uşaq Futbol Məktəbinin seleksiya məqsədi ilə təşkil etdiyi məşqlər
və yoxlama oyunları məktəbin direktoru Məhərrəm Həsənovun rəhbərliyi altında Lökbatanda yerləşən Qaradağ Təlim-İdman
Bazasında və Suraxanı Olimpiya Təlim-İdman Kompleksində keçirilir.Məşqlər Nazirlər Kabineti yanında
yaradılmış Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq aparılır. Belə ki, hər
gün məşq və oyunlardan öncə uşaqların temperaturu yoxlanılır, spirt və qoruyucu
vasitələrdən istifadə olunmaqla soyunub-geyinmə otaqları dezinfeksiya edilir. Bütün
yaş qruplarında COVİD-19-dan müdafiə qaydalarına yüksək səviyyədə riayət
olunur.Qeyd edək ki, klubumuz aşağı yaş qrupları
üzrə ölkə birinciliyində 15 komanda ilə təmsil olunacaq. Onlardan 9-u
paytaxtda, 4-ü Ağsuda, 1-i Siyəzəndə və 1-i isə Neftçala rayonunda mübarizə
aparacaq.