Bolqarıstanın Samokov şəhərində
keçirilən yeniyetmə güləşçilərin Avropa birinciliyi başa çatıb.”Neftçi İdman Klubu”nun Azərbaycan
yığmasının heyətində təmsil olunan yunan-Roma güləşçisi, 65 kiloqram çəki dərəcəsində
mübarizə aparan Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarına qalib gəlib.
O, daha sonra erməni rəqibini “tuşe” ilə xalçadan məyus yola salıb. Ancaq
Ukrayna təmsilçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici
görüşə çıxıb və Yunanıstan idmançısı üzərində “tuşe” ilə inamlı qələbə
qazanıb. Estoniyalı pəhləvanı da məğlub edənKənan Abdullazadə qitə birinciliyinin bürünc medalına yiyələnib.Xatırladaq ki, mötəbər yarışın
əvvəlki günlərində klubumuzun daha bir yetirməsi Abdulrəhman İbrahimov (60 kq)
sərbəst güləşçilər arasında gümüş medala layiq görülmüşdü.Qeyd edək ki, yunan-Roma güləşi
üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Belə ki, 4 qızıl və 3
bürünc medal qazanan yığmamız 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk
dəfə Avropa çempionu olub. Komandamız 10 çəkidən 9-da təmsil olunmasına
baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı
isə 43 xal qabaqlayıb.