“Neftçi İdman Klubu”nun Yüksək Liqada çıxış edən futzal komandası qış
fasiləsində məşqlərini davam etdirir. Bu gün komandamız EKOL-la yoldaşlıq oyunu
keçirib. “Olimpik Star” İdman və Əyləncə Mərkəzində baş tutan qarşılaşmada
futzalçılarımız baxımlı oyun nümayiş etdiriblər. Komandamıza yeni baş məşqçinin
təyin edilməsinə və heyətə yeni oyunçuların cəlb olunmasına rəğmən, sərgilənən oyunun
zövqoxşayan olması böyük maraqla qarşılanıb.Baş məşqçi Elşad Quliyev oyundan sonra bunları söyləyib: “Mənə göstərilən
böyük etimada görə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqova dərin
minnətdarlığımı bildirirəm. Bütün gücümlə çalışacağam ki, mənə göstərilən
etimadı və bəslənilən ümidi doğruldum. Komandaya yeni, gənc oyunçular cəlb
etmişik. Qarşımıza iddialı bir komanda yaratmaq məqsədi qoymuşuq. Hədəfimiz
tezliklə ilk üçlüyə düşmək, ardınca isə çempionluğa oynamaqdır. Sadıq müəllimin
bir rəhbər kimi futzala xüsusi qaygı göstərməsi bizi sevindirir və qarşıya
qoyduğumuz məqsədlərə çatacağımıza böyük inam yaradır”.Qeyd edək ki, bugünlərdə futzal komandasını daha da inkişaf etdirmək və
onu Yüksək Liqanın iddialıları səviyyəsinə qaldırmaq məqsədilə “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri
Sadıq Sadıqovun göstərişi ilə komandada köklü dəyişikliklər edilib. Belə ki,
komandanın meneceri Ruslan Hüseynov vəzifəsindən azad olunub və başqa işə
keçirilib. Bundan sonra o, uşaq futbolu sahəsində fəaliyyətini davam etdirəcək.
Elşad Quliyev isə komandaya baş məşqçi təyin edilib. O, bu postda həmkarı İlqar
Aslanovu əvəzləyib. Bundan əlavə, ilkin olaraq turnir cədvəlində ilk üçlüyə
düşməyi, daha sonra isə çempionluğa oynamağı hədəfləyən komandaya yeni, gənc və
perspektivli futzalçılar da cəlb olunub.