Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. “12 fevral” adlanan yarışa Azərbaycan, Türkiyə, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilər qatılıb.”Neftçi İdman Klubu”nun yığmamızın heyətində təmsil olunan gənc pəhləvanları turnirdə uğurla çıxış edərək 6 medala (1 qızıl, 2 gümüş, 3 bürünc) sahib olublar.İdmançılarımızdan 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Cəfərov bütün görüşlərdən qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Əbülfəz Nəsirov (65 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş medala layiq görülüblər. Klubun digər yetirmələri Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Fərid Cabbarov (86 kq) isə beynəlxalq yarışı üçüncü pillədə başa vurublar.