“Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında böyük uğura imza atan yunan-Roma güləşçiləri və Serbiyanın Novi Sad şəhərində təşkil olunan Avropa çempionatında yüksək nailiyyət qazanan samboçularla görüşüb.Aparat rəhbəri ölkəmizdə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü idman siyasətinin verdiyi nəticələrdən, eləcə də idman və olimpiya hərəkatı sahəsində görülən işlərdən söhbət açıb. O, ölkəmizdə bədən tərbiyəsi və idmana olan dövlət qayğısından bəhs edərək, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görüldüyünü və bunun sayəsində Azərbaycanın Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrildiyini qeyd edib.Daha sonra idmançıları qazandıqları böyük uğur münasibətilə təbrik edən Sadıq Sadıqov əldə olunan yüksək nailiyyətə görə onlara minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində uğurlar diləyib.Sonda idmançılar səmimi görüşə və göstərilən qayğıya görə “Neftçi İdman Klubu”nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar bundan sonra daha da əzmlə çalışacaqlarına və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərinə söz veriblər.Xatırladaq ki, dünya çempionatında klubumuzun yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvü Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medala sahib olublar. Samboçularımızdan isə Ceyhun Hüseynov (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) Avropa çempionatının gümüş medalına layiq görülüblər.