Dünya Güləş Birliyi 2022-ci il üçün yekun reytinq siyahısını açıqlayıb.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan 4 yunan-Roma güləşçisi reytinq siyahısını öz çəkisində birinci pillədə tamamlayıb. Belqradda təşkil olunan son dünya çempionatının qalibi Eldəniz Əzizli (55 kq) və mundialın bürünc mükafatçısı Taleh Məmmədov (63 kq) hərəyə bir, digər bürünc medalçı Həsrət Cəfərov (67 kq) üç, gümüş mükafatçı Ülvü Qənizadə (72 kq) isə iki pillə irəliləyərək öz çəkilərində sıralamaya başçılıq edirlər. Təmsilçilərimizdən Murad Məmmədov (60 kq) siyahıda üçüncüdür. Son mundialın bürünc mükafatçısı Arif Niftullayev (97 kq) isə böyük sıçrayış edib. O, 28-ci sıradan 3-cü pilləyə yüksəlib. Sənan Süleymanov (77 kq) isə 10-cu yerdə qərarlaşıb.Klubumuzun sərbəst güləşçilərindən Turan Bayramov (74 kq) 6-cı sıraya qalxıb, Hacı Əliyev (65 kq) isə 3-cü yerdən 7-ci pilləyə düşüb.Qeyd edək ki, xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən verilir.