Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.Sevindirici haldır ki, mükafatlandırılanlar arasında “Neftçi İdman Klubu”nun təmsilçiləri də yer alıblar. Bunlar klubumuzun cüdo idman növü üzrə məşqçisi İlham Məmmədov (Sumqayıt Təlim-İdman Zalı), yunan-Roma güləşçiləri Sənan Süleymanov, Taleh Məmmədov, ağır atlet Dadaş Dadaşbəyli və paraatlet Elvin Astanovdur.Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər. Çünki Azərbaycan dövləti hər zaman idmançılarımızın yanındadır. Təbii ki, əldə olunan bütün bu uğurlar da dövlətimizin idmana, idmançılara göstərdiyi  diqqət və qayğının sayəsində mümkün olub.İnanırıq ki, Prezident İlham Əliyevlə bu görüş idmançıları daha böyük qələbələr qazanmağa ruhlandıracaq və onların 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında yüksək nailiyyətlər qazanmasında bir stimul olacaq.