Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş minifutbol turniri davam edir. Yarışın qrup mərhələsində XII   turun oyunları  sona yetib.B qrupunda təmsil olunan SOCAR-ın komandası bu tur çərçivəsində Mərkəzi Bankın kollektivini sınağa çəkib. Doqquzuncu  mikrorayondakı  “Azfar” stadionunda keçirilən matç Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. Qarşılaşma gərgin  mübarizə şəraitində keçib. Görüşün sonlarına doğru daha  əzmkar oyun nümayiş etdirən SOCAR komandası tədricən rəqibini üstələyib. Yekunda təmsilçimiz 2:0 hesablı qələbə qazanıb. Rəqib komandanın qapısından hər iki topu Ramil Mansurov keçirib.Qeyd edək ki, hazırda komandamız 25 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.Xatırladaq ki, dövlət qurumları arasında  təşkil olunan və mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır.