Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri davam edir. Bu gün yarışın qrup mərhələsində sonuncu – XIII turun oyunlarına start verildi.B qrupunda təmsil olunan SOCAR-ın komandası bu turda qrup lideri olan Dövlət Gömrük Komitəsinin kollektivi ilə qarşılaşdı. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda baş tutan görüş turun mərkəzi oyunu hesab olunurdu. Gərgin idman mübarizəsi şəraitində keçən matçın favoriti Dövlət Gömrük Komitəsinin komandası sayılsa da, SOCAR möhtəşəm oyunu ilə bütün proqnoz və gözləntiləri alt-üst etməyi bacardı. Baxımlı və əzmkar oyun nümayiş etdirən SOCAR komandası güclü rəqibinə 3:0 hesabı ilə qalib gəldi. Komandamızın heyətində Ramil Mansurov dubla imza atdı. Rəqibin qapısından digər topu isə Cəmil Cəfərov keçirdi.Qeyd edək ki, bu, Dövlət Gömrük Komitəsinin qrup mərhələsində ilk məğlubiyyəti idi. Onu da əlavə edək ki, komandamız qrup mərhələsini 28 xalla başa vurub və turnir cədvəlinin üçüncü pilləsində yer alaraq, pley-off mərhələsinə vəsiqə qazanıb.Xatırladaq ki, mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar dörd qrupa bölünüb. Qrupların hər birində 13 komanda yer alıb. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bu raundun oyunları martın 4-26-da təşkil olunacaq. İkinci mərhələyə yüksəlmiş 16 komanda dörd qrupa bölünəcək. Bu raundun oyunları isə aprelin 1-dən 23-dək keçiriləcək. Qrupun qalibi olan komandalar “Dördlər finalı”na vəsiqə qazanacaqlar.