Milli Gimnastika Arenasında kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 28-ci, qadın idman gimnastikası üzrə 7-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçirilib. Yarışda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi İdman Klubu”, “Qarabağ” İdman Klubu və 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman Məktəbinin təmsilçiləri bacarıqlarını nümayiş etdiriblər.Akrobatlar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında balans, temp və qarışıq hərəkətlər proqramında çıxış ediblər.”Neftçi İdman Klubu”nun təmsilçiləri akrobatika gimnastikası üzrə mübarizə aparıblar. İdmançılarımızdan Mina Beydiyeva – Ayla Zakiryaeva qadın cütlüyü  gənclər arasında Azərbaycan birinciliyi və Bakı çempionatının qalibi olub. Yeniyetmələrin yarışında Aytəkin Əmirova – Humay Tağıyeva qadın cütlüyü, eləcə də Alixan Qasiyev və Emina Əhmədovadan ibarət qarışıq cütlük eyni uğura imza ataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Safiya Babayeva isə gümüş medala layiq görülüb. Hüseyn Hüseynov – Zeynəb Nəzərzadə qarışıq cütlüyü isə balacalar arasında ikinci yeri tutub.