Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatı davam edir.Bu gün “Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan iki sərbəst güləşçisi mükafata layiq görülüb.Təmsilçilərimizdən İslam İlyasov (97 kq) təsnifat mərhələsində almaniyalı Ertuğrul Ağcaya qalib gəlib – 5:0. O, dörddəbir finalda bolqarıstanlı Kolyo Dimitrovu xalsız qoyub – 6:0. İdmançımız yarımfinalda macarıstanlı Riçard Veqi eyni hesabla üstələyərək ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam İlyasov həlledici görüşdə türkiyəli Oktay Çiftçini sınağa çəkib. Rəqibinə 6:1 hesabı ilə qalib gələn pəhləvanımız titulunu qoruyaraq, ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub.Yarışa dörddəbir finaldan başlayan Səbuhi Əmiraslanov (79 kq) çətinlik çəkmədən polşalı Mateuş Pedziçkini mübarizədən kənarlaşdırıb – 10:0. O, yarımfinalda böyüklər arasında son Avropa çempionu Georgios Kuqiumtsidisə (Yunanıstan) məğlub olub – 2:5. Səbuhi Əmiraslanov bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla üz-üzə gəlib və 4:1 hesablı qələbə qazanaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.