Bakı İdman Sarayında keçirilən güləş üzrə on yeddi yaşadək yeniyetmələr (U-17) arasında Azərbaycan birinciliyi başa çatıb. Turnirin son iki günündə yunan-Roma güləşi üzrə yarışlar təşkil olunub.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri ölkə birinciliyini bir dəst medalla başa vurublar. Təmsilçilərimizdən 110 kiloqram çəki dərəcəsində mübarizə aparan Mahir Qurbanlı bütün görüşlərdən qalib ayrılıb və Azərbaycan çempionu adını qazanıb. Yalnız final qarşılaşmasından məğlub ayrılan Cavad Məmmədov (71 kq) gümüş medala yiyələnib. Digər idmançımız Məhəmməd Ələkbərli (55 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıb.Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçiləri yarışın 5 qızıl, 1 gümüş və 5 bürünc medalına sahib olublar.