Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirində dörddəbir final mərhələsinin oyunları keçirilir.Bu mərhələdə SOCAR komandası Daxili İşlər Nazirliyinin kollektivi ilə üz-üzə gəldi. Böyükşor bulvarındakı “Azfar” stadionunda təşkil olunan görüş çox maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdi. Hər iki komandanın azarkeşlərinin dayanmadan müxtəlif şüarlarla futbolçuları dəstəkləməsi isə oyuna marağı bir qədər də artırmışdı. Birinci hissədə qol səsi eşidilmədi. SOCAR ikinci hissədə hücumlarının kəsərini daha da artırdı və nəticədə güclü rəqibini 1:0 hesabı ilə məğlub etdi. Komandamızı qələbəyə daşıyan yeganə qola Ramil Mansurov imza atdı.Beləliklə, SOCAR komandası əldə etdiyi möhtəşəm qələbə sayəsində yarımfinala vəsiqə qazandı.