Xəbər verdiyimiz
kimi, Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə
XX dünya çempionatına yekun vurulub.Azərbaycan
kikboksçuları çempionatın 7 medalını qazanıblar ki, onlardan da 4-ü “Neftçi
İdman Klubu”nun təmsilçilərinə məxsusdur. İdmançılarımızdan Anar Məmmədov (51
kq) və Ehram Məcidov (+94 kq) dünya çempionatının gümüş, Çingiz Əhmədzadə (51
kq) ilə Ramiz Məmmədov (54 kq) isə bürünc medalını qazanıblar.Artıq
kikboksçularımız Vətənə dönüblər. “Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqov çempionatda böyük uğura imza atmış
idmançılarla görüşüb. O, respublikamızda dövlət başçısı tərəfindən aparılan məqsədyönlü
idman siyasətindən və Olimpiya Hərəkatı sahəsində görülən işlərdən söhbət açıb.
Aparat rəhbəri ölkəmizdə idmanın sürətli inkişaf etməsi sayəsində bir çox mötəbər
idman tədbirlərinin, eləcə də ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin
respublikamız üçün böyük uğur olduğunu qeyd edib. Natiq klubun yetirmələrinin
beynəlxalq arenalardakı uğurlu çıxışlarını və ölkəmizi layiqincə təmsil etmələrini
də xüsusi vurğulayıb.Sonra o, idmançıları
qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edib və gələcək yarışlarda
onlara uğurlar diləyib.Ehram Məcidov səmimi
görüşə və onlara göstərilən qayğıya görə kikboksçular adından “Neftçi İdman
Klubu” İctimai Birliyinin rəhbərliyinə minnətdarlığını
bildirib. O, bundan sonra daha da intensiv çalışacaqlarına və beynəlxalq
yarışlarda respublikamızın idman şərəfini layiqincə qoruyaraq möhtəşəm qələbələr
qazanacaqlarına inandığını söyləyib.