Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.Nüfuzlu yarışın sonuncu günündə “Neftçi İdman Klubu”nun daha iki yunan-Roma güləşçisi inamla mübarizə apararaq böyük uğura imza atıb.Təmsilçilərimizdən Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda portuqaliyalı Pedro De Moraisə tam üstünlüklə qalib gəlib. Dörddəbir finalda norveçli Havard Yorgensen ilə qarşılaşan güləşçimiz növbəti qələbəsini qazanıb. Yarımfinalda türkiyəli Murat Fıratı da məğlub edən pəhləvanımız finala vəsiqəni təmin edib. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı Coni Xetsuriani ilə üz-üzə gəlib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Həsrət Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıbSəkkizdəbir finalda ukraynalı Andrey Kulikə qalib gələn Ülvü Qənizadə (72 kq) dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu, yarımfinalda isə türk Selçuk Canı məğlubiyyətə uğradıb. Həlledici görüşdə fransalı rəqibi İbrahim Qanemlə qarşılaşma 7:7 hesabı ilə başa çatsa da, xal prinsipinə əsasən qələbə Ülvü Qənizadəyə verilib.Digər idmançımız Nihat Məmmədli (60 kq) isə bürünc medala layiq görülüb.Xatırladaq ki, qitə çempionatının əvvəlki günlərində klubumuzun yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) gümüş, sərbəst güləşçilərdən isə Hacı Əliyev (70 kq) qızıl medal qazanıb.