Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında atletika üzrə 94-cü ölkə çempionatı başa çatıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən yarışda paytaxtın müxtəlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da bacarıqlarını nümayiş etdiriblər. Ölkənin ən güclü atletlərinin də qatıldığı yarış Krakovda təşkil olunacaq III Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyırdı. Eyni zamanda, dünya atletikasının qlobal təqvim platformasına yerləşdirilən 94-cü Azərbaycan çempionatı avqust ayında Budapeştin ev sahibliyi edəcəyi dünya çempionatı və digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması baxımından önəm kəsb edirdi.”Nefçi İdman Klubu”nun atletləri çempionatı 3 medalla (2 qızıl, 1 gümüş) başa vurublar.Uzunluğa tullanma yarışında Nazim Babayev 8 metr nəticə göstərərək ölkə çempionu adını qazanıb. Bununla da Nazim Babayev Azərbaycan atletika tarixində 8 metr həddinə çatan ikinci idmançı olub.Xatırladaq ki, burada rekord 1978-ci ildə 8.03 metr göstəricisinə nail olan Vladimir Çepelyova məxsusdur.Klubumuzun digər təmsilçilərindən Aysel Rəhimli nizə atma yarışında 24,77 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elmir Cəbrayılov isə 400 metr məsafəyə qaçışda (50,71 saniyə) gümüş medala layiq görülüb.