Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa birinciliyi davam edir. Bu gün”Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçiləri əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, pəhləvanlarımızdan  Hacı Kərimov (55 kq) əvvəlcə türk Hacı Zadəyə tam üstünlüklə qalib gəlib – 10:0. Dörddəbir finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda güləşçimiz 12:10 hesablı qələbə ilə yarımfinala yüksəlib. O, bu mərhələdə fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı Kərimov həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla qarşılaşıb. Rəqibinə  tam üstünlüklə (13:0) qalib gələn idmançımız Avropa birinciliyinin qızıl medalına sahib olub.Yarışa dörddəbir finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı tam üstünlüklə məğlub edib. Təmsilçimiz  yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Yusif Dursunov  finalda ermənistanlı rəqibi Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və ikinci dəfə Avropa çempionu olub.Xatırladaq ki, daha əvvəl klubumuzun qadın güləşçisi  Ruzanna Məmmədova (52 kq) gümüş, yunan-Roma güləşçisi Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıb.