“Neftçi” Macarıstanda təşkil olunan 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində final oyununa çıxıb. Komandamız həlledici görüşdə  Almaniyanın “Düsseldorf Zoos” klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan təmsilçimiz yekunda güclü rəqibi üzərində 21-10 hesabı ilə qələbə qazanaraq, heç bir görüşdə məğlub olmadan Debretsen mərhələsinin qalibi olub.Qeyd edək ki, B qrupunda yer alan “Neftçi” komandası inamla çıxış edərək, öncə Ukrayna yığmasını (22:6), ardınca isə ABŞ-ın U-24 millisini (21-9) məğlub edib və qrup lideri kimi dörddəbir  finala yüksəlib. Bu mərhələdə Macarıstanın “Qyor” klubuna qalib gələn (20:18) təmsilçimiz, yarımfinalda Macarıstan yığmasını da məğlub edərək (22:14) finala vəsiqəni təmin edib.Debretsen mərhələsinin ən dəyərli oyunçusu (MVP) komandamızın üzvü Bryana Freyzer seçilib.Bu çempionluq ilə “Neftçi” Dünya Qadın Seriyasında dördüncü dəfə mərhələ qalibi olub.Xatırladaq ki, “Neftçi” daha əvvəl Dünya Qadın Seriyasının Şuşa, Netanya (İsrail) və Melilya (İspaniya) mərhələlərinin qalibi olub.