Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.Mundialda yunan-Roma güləşi üzrə milli komandamız tarixi uğura imza atıb. Belə ki, iki qızıl, üç gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.Qürurverici haldır ki, dünya çempionatında əldə olunan medalların hamısını “Neftçi” İdman Klubunun təmsilçiləri ölkəmizə qazandırıb.Xatırladaq ki, klubumuzun yığma komandanın heyətində yer alan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb.Eyni zamanda, 67 və 77 kiloqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edilib.