Meksikanın Mexiko şəhərində
taekvondo üzrə milli komandalar arasında dünya kuboku keçirilib. Dünya
Taekvondo Federasiyası tərəfindən təşkil olunan yarışda kişilərdən ibarət yığma
komandamız böyük uğura imza atıb.İlk görüşdə Belçika
yığmasına 57:31 hesabı ilə qalib gələn milli komandamız növbəti görüşdə Özbəkistan
yığması ilə qarşılaşıb. Rəqibinə 31:11 hesablı məğlubiyyət acısı yaşadan
taekvondoçularımız qrup lideri kimi yarımfinala yüksəliblər. Bu mərhələdə Cənubi
Koreya təmsilçiləri ilə görüşən yığmamız yenə üstün olub – 48:30. Bununla da
finala vəsiqəni təmin edən millimiz həlledici döyüşdə İran komandası ilə
qarşılaşıb. Güclü rəqibi üzərində inamlı qələbə qazanan (42:23) komandamız
dünya kubokuna sahib olub. Cənubi Koreya və Rusiya komandaları isə bürünc
medala yiyələniblər.Qeyd edək ki, yığma komandamızın möhtəşəm qələbə qazanmasında “Neftçi İdman Klubu”nun
yetirmələri böyük pay sahibi olublar. Belə ki, Gündüz Abdullayevin millinin heyətində
yer almış yetirmələrindən Ayxan Tağızadə və Səid Quliyev komandamızın uğur
qazanması üçün böyük əzmkarlıq nümayiş etdiriblər.