İlk Avropa Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını “Neftçi İdman Klubu”nun idmançısı daşıyacaqİyunun 12-də keçiriləcək Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını “Neftçi İdman Klubu”nun yetirməsi, cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.Xatırladaq ki, Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa birinciliyinin qalibi olub. Bundan əlavə, cüdoçumuz Mərakeşdə keçirilən “Usta idmançılar arasında” yarışı, Samsunda təşkil olunan Qran-pri yarışları və Tbilisidə keçirilən Qran-pri yarışları da daxil olmaqla, 2015-ci ildə 3 qızıl medal qazanıb. O, bu ilin may ayında Bakıda keçirilmiş Qran-şlem yarışında gümüş medala yiyələnib. Ötən il Rusiyanın Tümen şəhərində təşkil olunmuş eyniadlı yarışda da Elmar Qasımov qızıl medala sahib olub.Qeyd edək ki, ilk Avropa Oyunlarında “Neftçi İdman Klubu” 79 idmançı ilə təmsil olunacaq. İdmançılarımız 16 idman növündə medallar uğrunda mübarizə aparacaqlar.