Mərakeşin Kasablanka şəhərində cüdo üzrə açıq
Afrika çempionatı keçirilib. Martın 12-də start götürən və iki gün davam edən
yarışda 59 ölkədən 310 cüdoçu (202 kişi, 108 qadın) qalib adı uğrunda mübarizə
aparıb.Azərbaycan millisi çempionatda 17 idmançı ilə təmsil
olunub və 3 medal (1 qızıl, 1 gümüş, 1 bürünc) əldə edib.Medallardan ikisini yığmamıza “Neftçi İdman
Klubu”nun yetirmələri qazandırıblar. 90 kq çəkidə çıxış edən Məmmədəli Mehdiyev
əvvəlcə İtaliya cüdoçusu Covanni Karollonu, sonra isə polşalı Patrik Çexomskini
məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Slovakiya təmsilçisi Milan
Randl üzərində qələbə qazanan Mehdiyev finala vəsiqəni təmin edib. Lakin həlledici
mərhələdə əlcəzairli Abderrəhman Benamadiyə məğlub olan idmançımız gümüş medala
layiq görülüb.Eyni çəki dərəcəsində mübarizə aparan klubun digər
cüdoçusu Ramin Qurbanov yarımfinala gedən yolda polşalı Piotr Kuçzeranı və
ispaniyalı Pedro Qonzalesi məğlub edib. Təmsilçimiz yarımfinalda
Əlcəzair cüdoçusu Abderrəhman Benamadiylə bacarmasa da, bürünc medal uğrunda
görüşdə Polşa idmançısı Patrik Çexomskiyə qalib gəlib və açıq Afrika
çempionatını 3-cü yerdə başa vurub.