Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə
Qran-pri yarışı sona çatıb. Yarışda 24 ölkədən 398 idmançı (237 kişi, 161
qadın) qalib adı uğrunda mübarizəyə qoşulub.Azərbaycan milli komandası turnirdə 11 cüdoçu ilə
təmsil olunub və 2 medala sahib olub.Millimizin qazandığı medalların hər ikisi “Neftçi
İdman Klubu”nun yetirmələrinə məxsusdur. 90 kq çəkidə çıxış edən Məmmədəli
Mehdiyev gürcüstanlı Uşanqi Marqiani, Hindistan idmançısı Avtar Sinq və polşalı
Patrik Çexomski üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə
braziliyalı Tyaqo Kamilonu da üstələyən Mehdiyev finala vəsiqəni təmin edib.
Həlledici qarşılaşmada Rusiya təmsilçisi Husen Halmurzayevə məğlub olan
cüdoçumuz Samsun Qran-prisinin gümüş medalına layiq görülüb.Klubun digər təmsilçisi, 60 kq çəki dərəcəsində
mübarizə aparan İlqar Müşkiyev yarımfinala gedən yolda belçikalı Senne Vinsi,
çinli Jianqi Anı və Belarus idmançısı Arif Bağırovu məğlubiyyətə uğradıb. Lakin
yarımfinalda Müşkiyev yerli cüdoçu Bəkir Özlüylə bacara bilməyib. Üçüncü yer
uğrunda görüşdə isə o, bolqarıstanlı Yanislav Qerçevə
qalib gələrək bürünc medal qazanıb.