Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.Qazaxıstanın Almatı şəhərində keçirilmiş Qran-prinin yekununa əsasən
tərtib olunan cədvəldə “Neftçi İdman Klubu”nun cüdoçularının mövqelərində müəyyən
dəyişikliklər qeydə alınıb. Təmsilçilərimizdən Elmar Qasımovun (100 kq) 1-ci,
İlqar Müşkiyevin (60 kq) isə 14-cü pillədəki mövqeyi dəyişməz qalıbsa, sözügedən
yarışın qalibi olan Elxan Məmmədov (100 kq) yenidən iyirmiliyə qayıdıb. Dörd rəqibini
qabaqlayan dünya çempionumuz 17-ci sıraya yüksəlib. Qran-prini 3-cü yerdə başa
vuran Məmmədəli Mehdiyev (90 kq) də 2 pillə irəliləyərək 24-cü yerə qalxıb.
Klubun digər yetirmələri Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm
Orucov (73 kq) və Əbdülhəqq Rəsullu (81 kq) isə reytinq cədvəlində bir qədər
geriləyiblər. Onlar müvafiq olaraq, 6-cı, 12-ci, 2-ci və 62-ci yerə eniblər.Qeyd edək ki, cüdo idman növündə olimpiadaya lisenziya reytinq xalına
əsasən verilir.