“Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi
işçiləri arasında növbəti dəfə mini-futbol turniri təşkil etdi. 28 May
Respublika Gününə həsr olunmuş yarışda dörd qrup üzrə 13 komanda mübarizə
aparırdı. “A” qrupunda İnformasiya Texnologiyaları və Rabitə İdarəsi,
“Abşeronneft” NQÇİ, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Qaz Anbarlarının
İstismarı İdarəsi, “B” qrupunda “Suraxanı Oyl” Əməliyyat Şirkəti, “Siyəzənneft”
NQÇİ, “Qaz İxrac” İdarəsi, “C” qrupunda Ekologiya İdarəsi, “28 May” NQÇİ, Heydər
Əliyev adına Neft Emalı Zavodu, “D” qrupunda isə Bahar Enerji Əməliyyat Şirkəti,
Nəqliyyat İdarəsi və “Neftqaztikinti” Trestinin komandaları yer almışdılar.Mayın 16-dan 20-dək davam edən ilin ikinci
mini-futbol turnirinin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi
işçilərinin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli təşkil
olunması, eləcə də bu idman növünün kütləviləşməsinə köməklik göstərilməsi və
28 May – Respublika Gününün təntənəli qeyd edilməsi idi.Oyunlar Suraxanı qəsəbəsində yerləşən Tofiq
İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, yarımfinal və final görüşləri
isə “Məşəl” İdman Kompleksində təşkil olundu. Yarışın qaydalarına görə, hər
qrupdan ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanırdı. Bunu
“A” qrupundan İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə Qaz
Anbarlarının İstismarı İdarəsi, “B” qrupundan “Suraxanı Oyl” və “Qaz İxrac”
İdarəsi, “C” qrupundan Ekologiya İdarəsi və Heydər Əliyev adına Neft Emalı
Zavodu, “D” qrupundan isə Nəqliyyat İdarəsi və “Neftqaztikinti” Trestinin
komandaları bacardılar. Həmin müəssisələr arasında “Suraxanı Oyl”,
“Neftqaztikinti” Tresti, Heydər Əliyev adına NEZ, İnformasiya Texnologiyaları və
Rabitə İdarəsinin kollektivləri yarımfinala yüksəlməyə müvəffəq oldular. Bu mərhələdə
daha güclü oyunu ilə diqqət çəkən “Suraxanı Oyl” və “Neftqaztikinti”
komandaları qələbə qazanaraq finala vəsiqə əldə etdilər. Üçüncü yer uğrunda
mübarizədə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə Heydər Əliyev
adına Neft Emalı Zavodunun komandaları qarşılaşdılar. Oyunun əsas və artırma dəqiqələrində
qolsuz bərabərlik qeydə alındığından penaltilərə müraciət olundu və bu seriyada
“İnformasiya” komandası 4:3 hesablı qələbə qazandı. Həlledici final görüşündə isə
“Suraxanı Oyl”la “Neftqaztikinti” komandaları üz-üzə gəldilər. Gərgin mübarizə
şəraitində keçən qarşılaşmada hər iki komanda gözəl oyun nümayiş etdirdilər.
Lakin “Suraxanı Oyl” daha güclü tərəf kimi sonda rəqibini 3:0 hesabı ilə məğlub
etdi.Beləliklə, “Suraxanı Oyl” Əməliyyat Şirkətinin
komandası yenidən mini-futbol turnirinin qalibi adını qazandı. “Neftqaztikinti”
Tresti 2-ci, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin komandası isə
3-cü yerə çıxdı.”Neftçi İdman Klubu” “ən yaxşı oyunçu”, “ən məhsuldar
oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi.
Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Möhkəm Rüstəmov (“Suraxanı
Oyl”), Elman Manafov (Heydər Əliyev adına Neft Emalı Zavodu) və Ülvi Tarverdiyev
(İnformasiya Texnologiyaları və Rabitə İdarəsi) layiq görüldülər.Turnirin sonunda düzənlənən mükafatlandırma mərasimində
“Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov
çıxış edərək yarış iştirakçılarını 28 May – Respublika Günü münasibətilə klubun
idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. O, ölkəmizdə
bədən tərbiyəsi və idmana göstərilən qayğıdan söhbət açaraq, iki ildən sonra
Respublika Gününün 100 illiyi münasibətilə daha möhtəşəm tədbirlərin təşkil
olunacağını söylədi. Onlara turnirdə fəal iştirak etdiklərinə görə dərin minnətdarlığını
bildirən klub rəsmisi, yarış iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər
arzu etdi. Sonra o, qalib komandalara qazandıqları qələbə münasibətilə təbriklərini
çatdırdı.”Neftçi İdman Klubu” 1-ci, 2-ci və 3-cü yerləri
tutmuş komandaları kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə
mükafatlandırdı. Nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim olundu.