Bakı şəhərindəki
111 saylı orta məktəbin idman zalında uşu-sanda idman növü üzrə paytaxt
çempionatı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Şaolin Döyüş Sənəti
Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 20 komandanın tərkibində
90 idmançı qüvvəsini sınayıb.”Neftçi İdman
Klubu”nun təmsilçiləri də çempionatda bacarıqlarını nümayiş etdiriblər. Rafət
Əsədovun yetirmələri yarışın 13 medalını əldə ediblər. Kişilər arasında Anar Kərimov,
Cəlal Cəlallı, İlkin Qurbanov və Samir Əjdərli fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar. Orxan Məmmədli isə gümüş medala layiq görülüb. Gənclərin yarışında
Miryaqub Əhədov və Nicat Heydərov paytaxt çempionu adını qazanıblar. Polad
Kazımov, Alim Kazımov, Əli Məmmədov, Nihad Zeynalov, İsmayıl İsmiyev və
Beytulla Mansurov isə çempionatın gümüş medalına yiyələniblər.