Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turuna yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 100 klub və idman cəmiyyətindən 614 cüdoçu (494 oğlan, 120 qız) medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələrindən Ülvi Cəlilzadə (50 kq) və Məleykə Mürsəliyeva (52 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər cüdoçularımızdan Həsən İbadov (66 kq) gümüş, Rəvan Abuşzadə (55 kq), Nihad Məlikli (+90 kq) və Səma Vəlizadə (63 kq) isə bürünc medala layiq görülüblər.
