Sumqayıt Olimpiya İdman Kompleksində U-14 və U-17 yeniyetmələr arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib.
Ümumilikdə 406 cüdoçunun qatıldığı yarışlarda “Neftçi” İdman Klubunun Sumqayıt bölməsinin cüdoçuları da mübarizə aparıblar.
U-17 yeniyetmələr arasında təşkil olunan turnirdə klubumuzun yetirmələrindən Yağmur Əhmədzadə (57 kq), Səma Vəlizadə (63 kq), Harun Ataşov (81 kq) və Nihad Məlikli (+90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq bölgə birinciliyinin qalibi olublar. Lalə Yadigarlı (57 kq), Vüsalə Məhərrəmli (63 kq), Turan Qənbərli (81 kq) ikinci, Şəhanə İbrahimzadə (57 kq), Rəvan Abuşzadə (55 kq) və İbrahim Həsənov (+90 kq) isə üçüncü yeri tutublar.
U-14 yeniyetmələr arasında keçirilən yarışda klubumuzun kiçikyaşlı cüdoçularından Davud Əliyev (55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mirsadiq Babayev (55 kq) gümüş, Fatimə Əkbərova (36 kq), Zümrüd Quliyeva və Zəhra Rəhimli (hər ikisi 40 kq) isə bürünc medala layiq görülüblər.
