• Sentyabr 20, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında 20 sentyabr – Neftçilər gününə həsr olunmuş voleybol turniri başa çatıb. 13 komandanın tərkibində 130 neftçinin (40 qadın, 90 kişi) mübarizə apardığı yarışın ilk iki günü “Məşəl” İdman Kompleksində, final və üçüncülük qarşılaşmaları isə bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Turnirin keçirilməsində əsas məqsəd Neftçilər gününün yüksək səviyyədə qeyd olunması, sahə əməkdaşları arasında sağlam həyat tərzinin təşviqi, eləcə də SOCAR kollektivləri arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsidir.

Gərgin mübarizənin yekununda qaliblər müəyyənləşib.Qadınlar arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası turnirin qalibi olub. Neft Kəmərləri İdarəsi ikinci, “Azərkimya” İstehsalat Birliyi isə üçüncü yeri tutub.

Kişilərin mübarizəsində “BOS Şelf” komandası qızıl medala sahib olub. Heydər Əliyev adına Neft Emalı Zavodu ikinci, “Qaz İxrac” İdarəsi isə üçüncü pillədə qərarlaşıb.

Mükafatlandırma mərasimində çıxış edən “Neftçi” İdman Klubunun icraçı direktoru Fərəc Əliyev iştirakçıları peşə bayramı münasibətilə təbrik edərək, onlara yarışdakı fəallıqlarına görə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Daha sonra qalib komandalara kubok, diplom və medallar təqdim olunub.