Bu gün Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin altıncı ildönümü – Zəfər Günü böyük qürur hissi ilə qeyd olunur.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. 44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi. Doğma torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, canlarını fəda etmiş şəhidlərimizin qanı bahasına azad olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, çoxəsrlik tariximizin ən parlaq səhifəsi olan Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edilib.
“Neftçi” İdman Klubunun kollektivi adından xalqımızı Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətən naminə canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!Zəfərin mübarək, Azərbaycan!
