Kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Bakı şəhər çempionatına yekun vurulub. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər müəyyənləşib. Dekabrda keçiriləcək Azərbaycan çempionatına seçim xarakteri daşıyan turnirə paytaxtın 39 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 187 cüdoçu qatılıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışı 4 medalla başa vurublar. Xanım idmançılarımızdan Xumar Qasımzadə (48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəhanə Süleymanzadə (70 kq) isə bürünc medala layiq görülüb.
Kişilər arasında keçirilən yarışda Nicat Sultanov (73 kq) yalnız final görüşündə məğlub olub və gümüş medala yiyələnib. Onunla eyni çəki dərəcəsində mübarizə aparan Ömər Qarayev isə paytaxt çempionatını üçüncü pillədə başa vurub.